"Qarabağı mən alacağam" - 21 YAŞLI ŞƏHİDİN DASTANI

Bu evdə, bu ocaqda zaman 2017-ci il fevralın 27-də dayanıb. Hər şey onun qoyub getdiyi kimdir. Doğmaları onun səsinə, sözünə, bir baxışına belə həsrət qalıblar. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olan Zakir Cəfərovdan gedir.

 

Zakir 3 may 1996-cı ildə Bakı şəhərində anadan olmuşdu. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil almışdı. Ailə üzvlərinə, dostlarına Zakirin yoxluğuna inanmaq, onun haqqında keçmişdə danışmaq çox çətindir. Ailənin ilk övladı olan 21 yaşlı qəhrəmanımız anasına yaxşı oğul olmaqla yanaşı, dəyərli dost, qardaşı Camala yaxşı qardaş olmaqla bərabər, həm də ata olub. Yaşının gənc olmasına baxmayaraq, ailədə onun sözü həmişə keçərli olub.

 

Polkovnik-leytenant Şövqü Məmmədov deyir ki, Zakir uşaqla uşaq, böyüklə böyük olub. Ailəsini, dostlarını çox sevib, güvənilən dost, dəyərli övlad, vətənini dəlicəsinə sevən əsgər olub: "Zakir xidmət dövründə özünü nümunəvi, cəsarətli istehkamçı əsgər kimi göstərmişdi. Erməni təxribatına qarşı zabit və digər hərbi qulluqçularla göstərdiyi rəşadət nümunəsi onu ən yüksək zirvəyə - şəhidlik zirvəsinə qaldırdı".

 

Zakir oxuduğu kollecin sevilən, şıltaq və davranışı ilə digərlərinə örnək olan tələbəsi olub. Müəlliməsi Gövhər Quliyeva deyir ki, kollecdə təhsil aldığı dövrdə tələbə yoldaşlarının təəssübünü çəkən, müəllimlərini isə hərdən şıltaqlığı ilə incidən Zakir ondan şikayət olunmasını sevməzmiş. Deyərmiş ki, hansı yanlışlığa yol versəm, özümə deyin, anam bilməsin: "Baxırdım ki, uşaqları yönləndirməyi bacarır. Hərdən şikayət olanda isə deyərdi ki, mamam bilməsin. Bizi Zakir doğmalaşdırmışdı öz ailəsi ilə. Sonuncu dəfə bizimlə imtahanlar bitəndən sonra görüşdü. Bütün qrup uşaqları əsgər getmişdilər, o, səhhətindəki problemlə bağlı 6 ay gecikmişdi. Həmişə fəxrlə deyərdi ki, mən ağdamlıyam, qarabağlıyam. Mən gedib o torpaqları özüm alacam, müəllimə!"

 

İsgəndər Rəhimli Zakirin əsgər yoldaşı olub. Gəldiyi gündən əsgər yoldaşları ilə mehriban və səmimi davranan Zakir tezliklə hər kəsin hörmətini qazanıb: "Baxmayaraq ki, yaş fərqimiz var idi, bizi həmişə birliyə çəkərdi. Cəbhə bölgəsinə çıxışlarımız olurdu, həmişə getməyə can atırdı. Komandirlərə də özü müraciət edirdi ki, mən göndərin ön cəbhəyə".

 

Namaz Batıyev deyir ki, hərbi xidmətdə olarkən tez-tez gələcək haqqında planlar qurarmışlar birlikdə: "Səliqə-sahmanı ilə seçilirdi. O qədər təmizkar idi Zakir. Demək olar ki, əsgər heyətinin hamısını Zakir idarə edirdi. Manqa komandiri olmuşdu, ondan başqa 3 manqa komandiri olsa da, heç kim qarışmazdı. Bölüyün bütün işlərini Zakir edərdi. Hamam günü olur hərbi hissələrdə, inanın, hansı əsgərin sabunu, şampunu olmazdısa, onlara cibinin pulu ilə alardı. Kim zəif idi, həmişə onun yanında olmağa çalışırdı".

 

Bəhruz Zakiri dayısı oğlu vasitəsilə tanıyıb. Sonradan bu tanışlıq möhkəm dostluğa çevrilib. Onlar hərbi xidmətə eyni gündə yollansalar da, sonradan yolları ayrılıb: "Deyirdi qayıtdıqdan sonra Polis Akademiyasına imtahan verəcəm. Zakir kimi dost tapmaq da çətindir, onun şəhidliyi ilə barışmaq da".

 

Sinan Zakirin tələbəlik dostudur. Deyir ki, Zakir bir ömür boyu yaddaşlarda yaşayacaq dost olub.

 

Anası Kəmalə xanımın gözlərinin nuru olub Zakir. Ailənin ilk oğul payıdır. Kəmalə xanəm deyir ki, səhhətində yaranan problemlər ucbatından Zakiri hərbi xidmətə çağırmasalar da, könüllü olaraq müraciət edib və hərbi hissəyə yollanıb. Deyirmiş, mənim vətənimi mən dura-dura kim qorumalıdır ki: "Bu uşaq Azərbaycanın vurğunu idi. O, çox sadiq dost, vətənpərvər oğul olub. Çox ürəyiyumşaq uşaq idi. Ağzı bütöv idi, söz danışmağı heç sevməzdi. Bu günümə hərdən şükür edirəm ki, uşaq şəhid olmayıb, əsir də düşə bilərdi. İnanın, hər cür işgəncəyə dözərdi, amma danışmazdı. Zakir doğrudan da evdən deyil, eldən gedib".

 

Bir il iki ay vətənin keşiyində dayanan Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.

 

Zakir anası və qardaşı Camalla birgə nənəsinin evində yaşayırmış. İndi anası və qardaşı yenə orda qalır, çünki ailə evsizdir. Qardaşı Camal tələbə, Kəmalə xanım isə bağça müəlliməsidir. Ailəsi gənc qəhrəmanın adının əbədiləşdirilməsini istəyir: "Oxuduğu məktəb başqa bir şəhidin adını daşıyır. O qədər adsız məktəblər var ki, birinə Zakirin adı verilsin. Unudulmasın oğlum, axı unudulası oğul deyildi".

 

Zakiri nənəsi Firəngiz xanım böyüdüb. Nəvəsinin nazını çəkib, müvəffəqiyyətinə həmişə sevinib. Firəngiz xanımın sözlərinə görə, əziyyətsiz uşaq olub Zakir. İncitməzdi heç kimi, hələ uşaq yaşlarından öz problemlərini özü həll etməyə çalışırmış.

 

Xalası isə bir ildir bu evdə zamanın dayandığını deyir. Düz 11 aydır Zakirin doğmaları onu görmək üçün hər ayın 25-də uyuduğu məzarlığa baş çəkib, təsəllini orda tapırlar: "Bilirsiz necədi, gün də keçəcək, il də. İnanmarsız, daxildə hamımız şəhid xəbəri çıxan gündə qalmışıq. Biz 27 fevral 2017-də qaldıq. Hər gün onunla danışıb "bağışla" deyirəm Zakirə. Sən soyuq yerdə yatırsan, biz bu isti yerdə necə yata bilirik".

 

Camal Zakirin kiçik qardaşıdır. Zakir əsgər gedəndə bütün dostlarına Camaldan muğayat olmağı tapşırıb: "O, həm də dostum idi. Həmişə istəyirdi ki, mən ali təhsil alım. Deyirdi, yaxşı oxu və ali təhsil al. Oxudum və qəbul oldum, çox sevindi. Yoxluğu ilə barışmaq çox çətindir".

 

22 illik ömrün qısa xronikası belədir. Danışmaqla bitməyən xatirələr, yolda qalan gözlər və bir də Kəmalə xanımın göz yaşları. İndi ailənin bir təsəllisi var. Zakirin dostu Elvin oğluna onun adını qoyub. Balaca Zakir ailənin sevimlisi və Zakirə olan sevginin nişanəsidir.

 

Ruhuna dərin ehtiramla, Şəhidim!

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı