Türkiyə hərbçiləri Suriyanın şimalında daha bir kəndi PYD-dən azad etdi

Türkiyənin Suriyanın şimalında start verdiyi "Zeytun budağı" əməliyyatının 12-ci günündə məhv edilən PYD terrorçularının sayı ümumilikdə 712-yə çatıb. APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) açıqlamanı təsdiqləyib.

Türkiyə hərbi aviasiyası PYD/YPG ilə bərabər ərazidəki İŞİD mövqelərinə də zərbələr endirib, ümumilikdə terrorçulara məxsus 22 hədəf məhv edilib.

Əməliyyatın 12-ci günü 63 PYD terrorçusu zərərsizləşdirilib.

Afrin və Kilis arasındakı Darmıq dağında mövqe tutan terrorçuların mövqeləri atəş altında saxlanılır. Dağın arxasındakı Minnaq hava limanı, həmçinin Maranez və Bafelyun yüksəklikləri də bombalanır.

 

Türkiyə hərbçilərinin və Azad Suriya Ordusunun (ASO) döyüşçülərinin irəliləməsi üçün maneələr toplarla vurulur.

PYD-dən geri alınan ərazilərdə yerin 4 metr altında olan tunel aşkar olunub. Sözü gedən tunelin terrorçuların mərkəzi bürosu olduğu iddia edilir. Tuneldən türk və kürd dillərində yazılmış gündəliklər və PKK lideri Abdullah Öcalanın fotoları götürülüb.

 

Bu arada TSQ və ASO-nun birgə əməliyyatı nəticəsində Afrinin Bak Ubasi kəndi terrorçulardan təmizlənib. Bu kənd PYD terrorçularının mövcud olduğu müxtəlif mövqeləri birləşdirən yolun üzərində yerləşir.

Bu, "Zeytun budağı" əməliyyatı çərçivəsində PYD-dən təmizlənən 19-cu kənddir.

Əməliyyat çərçivəsində növbəti hədəf böyük yaşayış mərkəzi sayılan Bülbül qəsəbəsi və ətrafındakı kəndlərdir.


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı