“Ramana qalası”nda narkotik gizlətdi

Bakı sakinindən külli miqdarda narkotik götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib.

 

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 0,818 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Həmidovda əlavə narkotik maddələrin olduğu müəyyən edilib. İfadəsində saxlanılan şəxs “Ramana qalası” adı ilə tanınan ərazinin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini də polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs külli miqdarda narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından 7000 manata aldığını bildirib. Ə.Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib, qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib.

 

 

Faktla bağlı cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli