Cənubun sitrus bağları çiçəkləmədən solur - SƏBƏB

Son bir neçə gündür havaların şaxtalı keçməsi cənub bölgəsində sitrus bağlarına zərərsiz ötüşməyib. APA TV-nin cənub bürosu xəbər verir ki, yanvar ayının sonlarında Astara və Lənkəran rayonlarına da qismən qarın yağması müəyyən fəsadlara yol açıb.

Havanın temperaturunun mənfi dərəcəyə düşməsi sitrus bağlarına ziyan verib. Təsərrüfat sahibi Valeh Mürsəlov deyir ki, hava ötən ayın son 10 gününə kimi mülayim keçirdi. Bu müddət ərzində də sitrus ağaclarını polietilen örtük və ya digər vasitələrlə mühafizə etməyə ehtiyac qalmırdı. Lakin havanın qəfil soyuması onların da işini çətinə salıb:

"Havaların soyuq keçməsi, demək olar ki, sitrusu 50/50-yə endirib. Bu da onu göstərir ki, gələn il məhsuldarlıq çox zəif olacaq. Hər şey göz qabağındadır. İndi bundan sonra nə olacaq, onu heç kim deyə bilməz. İndi kimyəvi gübrələr verilməlidir, qulluq olunmalıdır ki, bəlkə əmələ gəlsin".

Astara rayonunun bəzi ərazilərində şaxtanın vurduğu ağacların yarpaqları da tökülüb. Burada əsasən soyuğa az davamlı olan naringi, limon, portağal və kinkan ağacları ziyan çəkib. Təsərrüfat sahibi Ramiz Əliyevin sözlərinə görə, gecə saatlarında havanın temperaturunun bəzi vaxtlarda mənfi 6-7 dərəcəyə düşməsi yeni pöhrə verən ağac budaqlarının inkişafını ləngidir:

"Bir həftə öncə qar yağdığından şaxtalar başlayıb. Təzə pöhrələri şaxta vurub. Bəzi yerləri külək tutduğundan  yarpaqlar tökülür. Çiçəklənmə zamanı ola bilər ki, çiçək az olsun. Məhsuldarlıq az olacaq bu il".

Fermerlərin narahatlığı isə daha çox fevral ayı ilə bağlıdır. Onların fikirincə, bu ay şaxtalar çox olarsa ağacların bir qədər də ziyan görmə ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, son ayda dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi  3-10 dərəcə arasında dəyişir.

Müəllif | Apa.Tv
Apa.tv