Silsilə rekordlar qiymətləri dəyişir - NEFT BAZARI ABŞ-IN TƏSİRİ ALTINDA

Dünya birjalarında xam neftin qiymətlərində kəskin ucuzlaşmadan sonra yenidən yüksəliş başlayıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində bir dollardan çox bahalaşıb, hazırda 69,08 dollardan təklif olunur. Qərbi Texas nefti - WTI markası da ötən günə nisbətən daha baha - bareli 64,89 dollardan satılır.

 

ABŞ Enerji İnformasiya İdarəsinin ötən gün verdiyi açıqlamaya görə, bu ölkədə gündəlik neft istehsalı 1970-ci ildən bu yana ilk dəfə 10 milyon bareldən çox olub. Ehtiyatlar isə 10 həftəlik azalmadan sonra ilk dəfə artmağa başlamışdı. Qiymətlərin bahalaşmasının əsas səbəbi kimi dolların ucuzlaşması göstərilir. ABŞ-da baş verən hadisələr fonunda qiymətlər enməli idi. Çünki həm istehsal artır, həm ehtiyatlar. Artımın isə davam edəcəyi proqnozlaşdırılır.

 

Analitik Kim Kuanqrey neft sektorunda yaxın müddətdə baş verə biləcək hadisələri belə əlaqələndirib: "ABŞ-da azalan ehtiyatlar xam neftin bu il hər barelə görə 60 dollar səviyyəsinin üzərinə çıxmasını təmin etdi, ancaq xam neft tələbinin azaldığı müddətdə ehtiyatlar artacaq. OPEK ölkələri neft qiymətlərində kəskin bir yüksəliş istəməyəcək, bu da ABŞ-da istehsalın artmasına səbəb olacaq".

Müəllif | Apa.Tv
Elvin Bayramlı