Qaradağda narkotik alverçisi tutuldu: KÜLLİ MİQDARDA HEROİN

Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.


APA TV-nin məlumatına görə, keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini Arif İsmayılov tutulub. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilib və 1 bükümdə, çəkisi 4 qramdan artıq olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb: "Arif İsmayılovun gizlətdiyi 1 kiloqram 640 qram heroin də aşkar olunub. Həmin şəxs əvvəllər məhkum olunmuş şəxsdir özü də narkotik vasitələrin aludəçisidir. Həmçinin Qobustan qəsəbəsində narkotik maddələrin satışını həyata keçirən şəxs kimi xarakterizə olunur".

 

Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni Cəlilabad rayonundan istintaqa məlum olmayan mənbədən satmaq məqsədi ilə əldə etdiyini boynuna alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv