Azərbaycan prezidenti Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.

 

Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini deyib, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edin.

 

Xanım Jülide Sarıeroğlu bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv