13 gündə 790 cəsəd - AFRİNDƏ DAHA 2 KƏND PYD-DƏN TƏMİZLƏNDİ
"Zeytun budağı" əməliyyatının 13 günündə Afrində məhv edilən terrorçuların sayı 790- çatıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) açıqlamanı təsdiqləyib.
Hava zərbələri ilə PYD terrorçularına məxsus daha 18 hədəf dağıdılıb. Aviasiya Afrinin cənubundakı Daret İzzə bölgəsini də bombalayıb.
Türkiyə hərbçiləri və onların dəstəklədiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri bölgənin şimalında Kurni dağlarının ən yüksək zirvəsini PYD-dən təmizləyib. Bundan əlavə Ayn Batna yüksəklikləri də Türkiyə hərbçilərinin və ASO-nun nəzarətinə keçib.
Bundan əvvəl Burseya dağında ələ keçirilən mövqelərdə aşkar edilən tunellərdə qalan terrorçular qaçmağa cəhd göstərərkən yaxalanıb.
ASO qərargahına gətirilən terrorçular dindirilib. Onların lazımlı ifadələr verdiyi bildirilir. PYD-yə necə üzv olduqlarını deyən əsirlər döyüşməyəcəkləri təqdirdə ailə üzvlərinin öldürüləcəyi ilə hədələndiyini, PYD-nin tərkibində çox sayda əcnəbinin olduğunu deyiblər.
Bu arada Türkiyə-Suriya sərhədi yaxınlığında daha bir kənd - Əli Kar PYD/YPG-dən təmizlənib. Əməliyyat nəticəsində iki istiqamətdən Suriyaya daxil olan Şimal cəbhəsi birlikləri birləşib və böyük bir ərazi nəzarətə götürülüb.
Darmıq dağı ətəyindəki Zara kəndi də hücumla alınıb.
"Associated Press" YPG-nin ABŞ-dan Türkiyə ordusunu dayandırmasını xahiş edib. "Reuters" isə Suriya sərhədində əmr gözləyən türk tanklarının fotolarını yayımlayıb.
Bu arada Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsi yenə PYD-nin raket zərbəsinə məruz qalıb. Evlərdən birinə düşən, lakin partlamayan mərmi mütəxəssislər tərəfindən zərərsizləşdirilib.
Kilisə atılan raket isə şəhərdəki binalardan birinə ciddi zərər verib.