Siyavuş Novruzov: "Heydər Əliyevin 95 illiyi ilə bağlı amnistiya verilsin!"

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə yanaşı, müstəqil Azərbaycanın memarı, dövlətçiliyimizin möhkəmlənməsinin banisi, 20 Yanvar faciəsi zamanı dünyaya ilk olaraq sözünü çatdıran ümummilli lider Heydər Əliyevin 95 illiyinin qeyd edilməsi üçün tədbirlər planı ilə bağlı da qərarlar qəbul edək”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

O, bununla bağlı "Amnistiya aktı"nın qəbul edilməsini, həbsdə olan bir sıra şəxslərin günahların bağışlanmasını təklif edib: "Humanizm ümummilli lider Heydər Əliyevin əsas prinsipi olub, onun ad günü ərəfəsində bir sıra amnistiya aktları olub, insanlar azadlığa çıxıb. Növbəti dəfə belə bir aktı hazırlamaqla yaxşı addım atmış olarıq”.

 

YAP funksioneri növbəti amnistiya aktının kimlərə şamil edilə biləcəyinə dair təkliflərini açıqlayıb: “Bağışlamaq hüququ Allaha və prezidentə məxsusdur. İndiyə qədər 63 əfv və 11 amnistiya qərarı qəbul edilib. Növbəti amnistiya üçün biz öz təkliflərimizi hazırlaya bilərik. Hesab edirəm ki, bir neçə məsələ üzrə budəfəki akt fərqlənməli, amnistiyanın əhatə dairəsi geniş olmalıdır".

 

Deputat təklif edib ki, bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun: "İkincisi, amnistiya yaşı 60-dan yuxarı olan qadınlara şamil oluna bilər. Həmçinin himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya yaşı 70-dən yuxarı olan bütün kişilərə də şamil edilsin. Radikal dini cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnsinlər. Müxtəlif müxalif radikal qurumların və ayrı-ayrı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da şamil oluna bilər. Hesab edirəm ki, bunları nəzərə almalıyıq”.

 

Digər millət vəkilləri də həmkarlarının təklifini dəstəkləyiblər.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı