Milli Məclisin yaz sessiyası başladı

Milli Məclisin 2018-ci il yaz sessiyasında ilk plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, dövlət himninin səsləndirilməsi ilə başlayan iclasa spiker Oqtay Əsədov sədrlik edib.

 

O.Əsədov Milli Məclisin builki iş qrafikinin gərgin olacağını bildirib: "Bu il bizi gərgin işlər gözləyir. Cənab prezidentin imzaladığı sərəncama uyğun olaraq, yaz sessiyası dövründə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasını yüksək səviyyədə təşkil edəcəyik. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ola bilsin ki, iyunun 8-də ayrıca iclas da keçirdik. Bundan başqa, bir çox məsələlər də var ki, yaz sessiyasında bizi gözləyir".

 

İclasın gündəliyə 15 məsələ daxil olsa da, əvvəlcə cari məsələlər müzakirə olunub.

 

Millət vəkili Fazil Mustafa deyib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır: “Görünən odur ki, ermənilər Xocalı hadisəsindən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməliyik”.

 

Deputat Rövşən Rzayev bildirib ki, ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar: “Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən ək çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocalı soyqırımını yaşamışıq”.

 

Qənirə Paşayeva isə qeyd edib ki,  "İşğal olunmuş ərazilər haqqında" qanun layihəsinin hazırlanması və qəbul olunmasına ciddi ehtiyac var: "Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə etirazlarımıza baxmayaraq, hələ də qanunsuz səfərlər edilir, Azərbaycandan icazə alınmır. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həlini öz üzərinə götürən ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin təmsilçiləridir". 

 

Deputat Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasına üzvlüklə bağlı qəbul imtahanlarına dair təkliflə çıxış edib. O qeyd edib ki, Avropa ölkələrində vəkillərin sayı bizdən 40-45 dəfə çoxdur: "Vəkillər Kollegiyasına üzvlüklə bağlı 2 minə qədər müraciət olmuşdu, çox təəssüf ki, cəmi 600 nəfər keçid balı topladı. Yaz sessiyasında vəkillərlə bağlı yeni qanunun qəbul olunması zəruridir. Təklif edirəm ki, imtahanlarda keçid balı 60 baldan 50-yə endirilsin. Bu halda xeyli sayda yeni üzv Vəkillər Kollegiyasına seçilə bilər”.

 

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın dediklərinə cavab olaraq bildirib ki hakimlərin sayı ilə bağlı problem var: “Sizinlə razıyam, həqiqətən də bu sahədə Avropa ölkələrindən geridəyik. Amma keçid balını 60 baldan 50 bala endirsək, sabah deyəcəklər ki, 50 balı da 40-a endirin. Xalqa keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 bal toplaya bilmirsə, bu qeyri-ciddi məsələdir”.

 

Əflatun Amaşov MŞ-nın hüquqi statusunun dəyişdirilməsini, səlahiyyətlərinin artırılmasını təklif edib. O qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var.

 

İclas gündəliyin müzakirəsi ilə davam edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı