Salyan sakininin cibindən narkotik çıxdı: "Yerdən tapmışdım"

Salyanda rayon sakinindən 48 qramdan artıq narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində aparılan əməliyyat tədbirlərini Salyan Rayon Polis Şöbəsinin əməliyyatçıları keçirib.

Əməliyyat zamanı Salyan şəhər sakini, 1994-cü il təvəllüdlü Fərəcov Seyfəddin Xanoğlan oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin cibində 7 ədəd sellofan bükümdə təmiz çəkisi 19,577 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Həmçinin X.Fərəcovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan da 1 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryək və onun istifadəsi üçün nəzərdə tutulan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

S.Fərəcov öz ifadəsində narkotik vasitəni tapdığını bildirib. Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv