Birja həftəsinin son günündə neft bahalaşmağa başlayıb
Birjalarda xam neftin qiymətlərində ötən gün başlayan bahalaşma davam edir.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft hazırda 69,85 dollara təklif olunur. Qiymətin gün ərzində 70 dollar baryerini aşacağı gözlənilir. Qərbi Texas nefti daha çox bahalaşıb. Ötən gün səhər satışlarında 64,89 dollardan təklif olunan WTI markası hazırda 66 dollardan baha satılır. İki marka arasında qiymət fərqi 4 dollardan da azdır. Bu, qiymətlərin formalaşmasında ABŞ-dan qaynaqlanan səbəblərin üstünlük təşkil etməsi anlamına gəlir. Bahalaşma bu ölkədə istehsalın artmasına təkan verib. Son 40 ildə ilk dəfə gündəlik neft istehsalı 10 milyon bareli keçib.
Mütəxəssislər qiymətlərin yüksəlməsinin davam edəcəyi təqdirdə ABŞ-da istehsalın sürətlənəcəyini bildirir. Bu isə çox güman ki, OPEK ölkələri arasında anlaşmazlıq yaradacaq. Çünki bahalaşmadan ən çox yararlanan ABŞ qaya nefti hasilatçılarıdır.
İstehsalın məhdudlaşdırılması ilə bağlı razılaşmanı imzalayan OPEK və Rusiya daxil bir neçə neft ölkəsi qazancdan kənarda qalır. Kartel yanvar ayında istehsalı gündəlik sadəcə 20 min barel artırıb. Əgər razılaşmaya imza atan ölkələr istehsalı artırmağa başlasa, qiymətlər kəskin ucuzlaşacaq.