Bakıda keçmiş məhkumdan tapança götürüldü

Bakıda vətəndaşdan odlu silah götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə rayon ərazisində Vüqar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub.

 

23-cü Polis Bölməsinin təhqiqatçısı Pərviz Məmmədovun sözlərinə görə, bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib: “Həyata keçirilən əməliyyat nəticəsində Vüqar Zahid oğlu Kazımov saxlanılıb. Üzərinə baxış keçirilən zamanı sandıqçasında 4 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Qeyd edək ki, Vüqar Kazımov əvvəllər də üzərində qanunsuz olaraq silah saxladığına görə məhkum olunub”.

 

Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli