Bərzanidən Afrin əməliyyatına badalaq - SƏRHƏDİ BAĞLAMAYACAQ
Şimali İraq Kürd Muxtariyyəti parlamenti PYD/YPG-nin Suriyanın şimalında işğal etdiyi bölgələrlə sərhədin açıq saxlanması barədə qərar qəbul edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, iclasda Məsud Bərzani də iştirak edib.
Məclisdən bu qərarın bölgəyə humanitar və tibbi yardım daşınması məqsədilə qəbul edildiyi bildirilib.
Ötən ilin sentyabrında İraqın şimalında Bərzaninin "müstəqillik referendumu" zamanı da Şimali İraq Kürd Muxtariyyəti PYD/YPG ilə sıx əlaqədə olub. Nəticəsi ləğv etdirilən "referendum"dan sonra İraq ordusu Kərkük və ətrafını peşmərgədən təmizləsə də, Suriya sərhədi muxtariyyətin nəzarətində qalıb.
Rəsmi Ankara isə dəfələrlə bu ərazidən ABŞ tərəfindən Suriyadakı YPG terrorçularına 5 min TIR silah yardımı göndərildiyini və bu dəstəyin davam etdirildiyini iddia edir.