Bakıdan dağ kəndində işləməyə gedən müəllimə: "Bir də görürsən ki, valideynlər..."
Onlar kilometrlərlə uzaqda çalışsalar da, çox ali bir vəzifəni yerinə yetirirlər. Ucqar dağ kəndlərində müəllimlik peşəsini... Məktəblilərin tətilə buraxılmasından istifadə edən bu müəllimlər yollarını paytaxtdan salıblar. Biz də onlarla İçərişəhərdə görüşdük. Dedik, bir xəbər alaq görək, kənd məktəblərində vəziyyət necədir?
"Hazırda İçərişəhərdəyik. Gördüyünüz kimi, bir az kənd ab-havası yaratmışıq. Çünki qonağımız paytaxtdan ucqar dağ kəndinə gedən və orada dərs deyən gənc bir müəllimədir. İlk olaraq sizi tanıyaq".
" 2016-cı ildə Sumqayıt Dövlət Universitetini bitirib, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanı ilə Daşkəsən rayonunun Dəstəfur kəndinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi qəbul olmuşam".
Müsahibimiz öz peşəsinin vurğunudur. Kənd mühitinin çətinlikləri isə bu sevginin kölgəsində qalır. Deyir ki, ucqar dağ kəndlərindəki şagirdlərinin müəllimlərə daha çox ehtiyacı var. Məhz buna görə də orada işləməyi qərara alıb: "Bakıda böyüyən adam üçün gedib rayonda işləmək yəqin təsəvvür edərsiz ki, o qədər də asan məsələ deyil. Müsbət tərəfləri mənim üçün daha çoxdur. İnsan çətinliyə öyrəşir. Görmədiyin bir mühiti görürsən, alışırsan. Mən, ümumiyyətlə, uşaqları çox sevirəm. Uşaqlarla işləməyi çox sevirəm. Kənd uşaqları daha mehriban, daha səmimidirlər. Hətta mən tətilə gəldiyimdə belə qoymurlar ki, müəllim getməyin, biz burada darıxırıq tətildə də. Çox öyrəşiblər, mən də onlara öyrəşmişəm. Heç nadinc deyillər. Dəcəllikləri yoxdur, çox sözəbaxandırlar".
Bəs kənd məktəblərində uşaqların təhsilə marağı hansı səviyyədədir?
"Şəhər məktəblərində olduğu kimi, orada da zəif, orta, əla oxuyan uşaqlar var. Hər səviyyədə uşaqlar var, amma çox həvəslidirlər. Yeni gələn müəllimlər isə onlar üçün daha maraqlı olur və daha çox oxumağa həvəsli olurlar. Onlardan daha çox şey öyrənməyə çalışırlar. Hər şeydə özlərini qabağa atırlar. Doğrudan da mən onlardan elə şey gözləmirdim".
Balaca bir kənd olduğundan, Gülnar İsmayılovanın çalışdığı məktəbdə 45 yaxın şagird təhsil alır. O deyir ki, dərslərin maraqlı keçməsi üçün müxtəlif cür oyunlar aparır, hədiyyəli yarışlar təşkil edir: "Adi tənəffüsə belə vaxt tapmırıq, tənəffüsdə belə uşaqlar nə isə öyrənməyə çalışır. Oynamaq yadlarına düşmür, ancaq dərs haqqında düşünürlər. Hətta deyirik tənəffüsdür, deyir müəllim yox oxuyaq. Çox həvəslidirlər. Verdiyim tapşırıqlardan artığını öyrənirlər. Ucqar kənddir deyə, bəzən internet problemimiz olur. Ancaq uşaqlar haradan da olsa, verdiyimdən artığını tapıb gətirirlər".
Müsahibimiz kənd camaatının ona olan münasibətini isə sözlə ifadə etməkdə çətinlik çəkir: "Kənd camaatı çox mehribandır, səmimidir. Qonaqpərvərdirlər. Bir də görürsən, balaca bir qabda qatıq gətirirlər valideynlər. Deyirəm buna nə ehtiyac var, deyirlər, siz bizim kənddə qonaqsınız. Bir də görürsən biri bir çanta alma gətirir. Çox qonaqpərvərdirlər, çox sağ olsunlar".
Gülnar İsmayılovanın müəllimlərə tövsiyəsi də var: "Müəllimlərə onu tövsiyə edirəm ki, bir həmkar kimi, bir gənc kimi heç bir çətinlikdən qorxmasınlar. Hər şey çox yaxşıdır. Kənd uşaqları daha mehriban, daha istiqanlıdırlar. Oxumağa da həvəsləri çoxdur. Biz də çalışmalıyıq ki, onların oxumaq həvəslərini daha da artıraq".