Türkiyəli nazir: "Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bizə təlimatlar verib"
"Biz Türkiyə olaraq son vaxtlarda əməkçi miqrantların hüquqlarının qorunması istiqamətində beynəlxalq çərçivədə müəyyən addımlar atmışıq".
APA TV-nin məlumatına görə, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, Türkiyə bu məsələdə beynəlxalq öhdəliklərinə sadiq qalıb, son illərdə isə xüsusən də Suriyadan gələn miqrantları qəbul edib: "3 milyona yaxın suriyalını ölkəmizdə qəbul etmişik. Bundan əlavə beynəlxalq razılaşmalara uyğun olaraq əmək hüququ haqqında qanunu qəbul etmişik. Əmək fəaliyyəti ilə bağlı verdiyimiz icazələr bu qanun çərçivəsində yerinə yetirilir. Əmək və Sosial Müdafiə Nazirliyi olaraq bu istiqamətdəki prosedurların daha da sadələşdirilməsi, habelə daha tez müddətdə yekunlaşması üçün müəyyən addımlar atılıb".
Türkiyəli nazir deyib ki, hər iki dövlət başçısının tapşırığına uyğun olaraq həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının əmək fəaliyyətilə məşğul olması üçün icazə prosedurları daha da sadələşdiriləcək: "Bir qədər əvvəl də ifadə etdiyim kimi, həm Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan prezidenti cənab İlham Əliyevin bizə verdiyi bir təlimat var. Bütün bu prosedurları, Azərbaycan və Türkiyədəki qardaşlarımızın həm iş üçün icazə alması, həm də digər məsələlərdə daha rahat və çevik nəticə əldə etməsi və bununla bağlı xərclərin azaldıla bilməsi üçün qarşıdakı günlərdə bu istiqamətdə fəaliyyətimizi daha sürətli bir şəkildə həyata keçirəcəyik".