140 iş yeri üçün 107 min qadın müraciət etdi - SƏUDİYYƏDƏ DAHA BİR İLK
Səudiyyə Ərəbistanında hava limanında işləmək üçün qadınlar arasında vakansiyaya kütləvi müraciət olub.
APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, iqtisadi və sosial dəyişiklik tədbirləri çərçivəsində hava limanındakı pasport yoxlama məntəqələrinə ilk dəfə qadınların işə cəlb olunmasına qərar verilib. Qadınlara ayrılan 140 iş yeri üçün 107 min müraciət olub. Səudiyyə Ərəbistanı Pasport Nəzarət Agentliyinin verdiyi elana baxış sayı isə 600 mini keçib. Hava limanında işləyəcək qadınların ölkə vətəndaşı olması vacibdir. İş üçün 25-35 yaş arası orta təhsilli qadınlar müraciət edə bilər.
Səudiyyə Ərəbistanı 2030-cu ilədək ölkəni neftə olan asılılıqdan qurtarmaq üçün iqtisadi islahatlar həyata keçirməyə başlayıb. Layihə çərçivəsində nəhəng sənaye müəssisələri yaradılacaq, turizm bölgəsi qurulacaq. Eyni zamanda qadınlara avtomobil sürmək, idman yarışlarını izləmək kimi bir sıra kiçik hüquqlar da verilib.