Lənkəranlı dəmirçi mini traktor düzəldib - İXTİRA

Lənkəran sakini Novruzəli Nobatov 25 ildir avtomobil təmiri sexində dəmirçi işləyir.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, bir müddət əvvəl o, boş vaxtlarında əkin işlərində istifadə etməkdən ötrü motoblok alıb.

 

Ancaq əkin zamanı xeyli güc tələb edən bu texnika onu narahat etdiyindən, Novruzəli motobloku mini traktora çevirmək qərarına gəlib. İki ay üzərində çalışdıqdan sonra nəhayət ki, usta kiçik görünüşlü, lakin böyük gücə malik mini traktor düzəldib: "Bu motoblok idi, Çinindir. Kənd təsərrüfatında əziyyət çəkdiyinə görə bunu fikirləşdim, belə ixtira elədim. Demək olar ki, motordan bu tərəfə bütün nə avadanlıq var, hamısını özüm əlavə etmişəm".

 

Novruzəli Nobatovun sözlərinə görə, mini traktorun hazırlanmasına 1000 manata qədər pul xərcləyib. "Jiquli" avtomobilinin ehtiyat hissələrindən ərsəyə gələn mini traktora əkin işləri zamanı kotan qoşulur, nəticədə o, bir neçə nəfərin 7 günə görə biləcəyi işi iki günə görə bilir: "Bir hektar kartof əkmək üçün sahədə 10 fəhlə bir həftə işləyir. Fəhlənin bir həftəyə işlədiyini bu iki günə edir. Avadanlıq budur, özüm əlavə etmişəm. Bu, kartof çıxartmaq üçündür torpaqdan. Bu isə əkmək üçündür. Bu da xətt çəkmək".


Bu yeni kənd təsərrüfatı texnikası 10 saata cəmi 4 litr yanacaq işlədir. Bundan həvəslənən Novruzəli Nobatov texnikasını daha da təkmilləşdirmək niyyətindədir.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov