“Hüseyn Cavid – 135” antologiyası çap olunub
“Hüseyn Cavid – 135” şeir müsabiqəsinə göndərilən poetik nümunələr toplu şəklində çap olunub.
APA TV-nin məlumatına görə, antologiyanın təqdimat mərasimi bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından söz açaraq bildirib ki, o, Azərbaycan ədəbiyyatında əbədi iz qoyub. Belə müsabiqələrin keçirilməsi isə görkəmli şəxsiyyətlərin adının əbədiləşdirilməsi baxımından çox önəmlidir.
Sonra tədbir iştirakçılarına Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva Hüseyn Cavidi övliya kimi dəyərləndirib: “Cavidin istər bədii, istərsə də publisistik əsərlərində, ümumiyyətlə, bütün yaradıcılığında iki məfkurə var – Tanrıya bağlılıq və milli məfkurəyə bağlılıq. “Ana” əsərində ilk olaraq Allaha müraciət var. Müraciət etdiyi bütün mövzularda Allaha inamı göstərirdi”.
Sona Vəliyeva əlavə edib ki, “Hüseyn Cavid – 135” şeir müsabiqəsində 108-ə qədər müəllif iştirak edib. Seçimdə isə ədalət prinsipi əsas götürülüb.
Sonda qaliblər təltif olunub. Onlara diplom və pul mükafatı təqdim edilib.