ANAMA: Xızıda 25 mindən çox partlamamış hərbi sursat aşkarlanıb

"Avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların 7-10 iş günü ərzində  başa çatdırılması nəzərdə tutulub".

 

Bunu APA TV-nin yerli bürosuna Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə mütəxəssisi İdris İsmayılov deyib: "Bununla bağlı Xızıda operativ qərargah yaradılıb. Qərargahda Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nümayəndələri fəaliyyət göstərirlər. İlkin olaraq ərazi ANAMA-nın tədqiqat qrupu tərəfindən tədqiq edilib, ərazidə sursatların yayılma arealı müəyyən olunub".

 

Bu vaxta kimi 124 iş günü ərzində yoxlama işləri aparılıb, 96 milyon kvadrat metr ərazi yoxlanılıb, 25 mindən çox partlamamış hərbi sursat aşkar edilib.

 

ANAMA-nın mütəxəssisi qeyd edib ki, əməliyyatlar aparılan zaman Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Yeni Yaşma kəndləri ərazisində məktəblər və xəstəxanalarda, insanların kütləvi toplaşdıqları ərazilərdə Agentlik tərəfindən maarifləndirmə işi aparılıb: "Əraziyə yayılmış sursatların şəkilləri insanlara paylanılıb ki, bu kimi sursatlar, partlayıcı elementləri gördükləri an dərhal ANAMA-ya, FHN-nin "112" və DİN-nin "102" qaynar xidmətlərinə məlumat versinlər. Bu vaxta kimi ANAMA-nın əməkdaşları tərəfindən 10000-dən  yerli sakinə mina və partlamamış hərbi sursatlara qarşı təhlükəsizliyə dair maarifləndirmə işi aparılıb".

 

Hazırda əməliyyat işləri dağlıq ərazilərdə davam etdirilir.

Müəllif | Apa.Tv
Almaz Qasımova