Ağdaşda məscid yanaraq külə döndü

Ağdaş rayonunda məscid yanaraq yararsız hala düşüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın hadisəsi ötən gecə saat 1:30 radələrində rayonun Güvəkənd kəndində qeydə alınıb.

 

Ümumi sahəsi 180 kvadratmetr olan məscidin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı dini kitablar, qiymətli xalçalar, müxtəlif əşyalar yanaraq külə dönüb. Hadisə zamanı məsciddə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Kənd sakinləri hadisədən gec xəbər tutduğu üçün məsciddən heç nə çıxara bilməyiblər.

 

Hadisə yerinə FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Məsciddə istilik sistemi olmayıb və içərinin isidilməsi üçün təbii qaz verilmədiyinə görə odun sobasından istifadə edilirdi. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, məscid 1993-cü ildə inşa edilərək kənd sakinlərinin istifadəsinə verilmişdi. Ətrafdakı bir neçə kəndin dindarları Güvəkənd məscidinə gələrək ibadət edirdi.

Müəllif | Apa.Tv
Almaz Qasımova