ABŞ Konqresi FTB-ni səlahiyyətlərini aşmaqda ittiham etdi - "RUSİYA İŞİ"NDƏ
ABŞ Konqresi Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsi Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdırarkən səlahiyyətlərini aşdıqlarına dair məruzə yayıb.
APA TV-nin xəbərinə görə, bundan əvvəl prezident Donald Tramp sənədin yayılmasına razılıq verib. Məruzədə ABŞ Ədliyyə nazirliyi və FTB-nin fəaliyyətlərində qeyri-qanuni hərəkətlərin narahatlıq doğurduğu vurğulanıb.
“Misal üçün, FTB prezident Trampın seçkiqabağı qərargahının sabiq müşaviri Karter Peyci qanuni əsaslar olmadan izləyib”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.