Balakən sakini Masallıda silah və narkotika ilə tutuldu
Masallı rayonunda keçmiş məhkumdan narkotik maddə və silah götürülüb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əslən Balakən rayonundan olan və Masallı şəhərində yaşayan 41 yaşlı Əzizov Zöhrab Şirin oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən narkotik tərkibli bitki hesab edilən marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun Masallı rayonunda yaşadığı mənzilə baxış zamanı əlavə olaraq bağlama şəklində olan marixuana maddi sübut kimi götürülüb.
Cinayət işini araşdıran baş müstəntiq Cahangir Hüseynovun sözlərinə görə, Z.Əzizovda silah da aşkar olunub: "Onun üzərində aparılmış şəxsi axtarış zamanı bir bükümdə təmiz çəkisi 7.27 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin yaşadığı evə təxirə salınmadan keçirilmiş baxış zamanı oradan 110 qram, ümumilikdə 117.27 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd lüləsi və qundağı kəsilmiş yivli silah aşkar elərək götürülüb".
Qeyd edək ki, saxlanılan Z.Əzizov əvvəllər quldurluq etdiyinə görə 8 il məhkumluq həyatı yaşayıb.