Naxçıvan Azərbaycanın "Gənclər paytaxtı" elan olunub

Naxçıvan şəhəri 2018-ci ildə Azərbaycanda "Gənclər paytaxtı" elan olunub.

 

Bu barədə 2 fevral - Gənclər Günü ilə bağlı "Buta  Palace" sarayında keçirilən tədbirdə elan edilib.

 

Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.  "Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.

 

Gənclər Günü ilə bağlı  keçirilən mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov  və digər dövlət, hökumət nümayəndələri iştirak ediblər.

 

Yusif Məmmədəliyev bildirib ki,  gənclərin  bacarıq və istedadı, həyata keçirdiyi fəaliyyəti qiymətləndirilir və heç vaxt diqqətdən kənarda qalmır: "Gənclərimiz həm ölkə daxilində, həm ölkə xaricində mühüm nailiyyətlər əldə edir. Bununla da ölkəmizdə qlobal səviyyədə rəqabətə davamlı kadrların sayı hər gün artır".

 

Nazir Azad Rəhimov  bildirib ki, bugünkü gənclər vətənpərvər, təhsilə meylli, milli-mənəvi dəyərlərə bağlı olmaqla yanaşı, diqqətli və təşəbbüskardır. Nazir  qeyd edib ki, Bakı 2025-ci ildə EXPO sərgisinin keçirilməsi üçün 3 namizəd şəhərdən biridir. "Bununla əlaqədar "EXPO 2025" üçün gənclər arasında esse müsabiqəsinin başladığını elan edilib.

  

Daha sonra Prezident İlham Əliyevin sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il Gənclər üçün Prezident mükafatları təqdim olunub. Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər də mükafatlandırılıb.

 

Daha sonra mərasim bədii hissə ilə davam edib.

 

Müəllif | Apa.Tv
Apa.tv