Afrinin mərkəzinə hücum başlayır - TÜRKİYƏDƏN "BORDO-BƏRƏLİLƏR" GƏTİRİLİR

Suriyanın şimalında start verilən "Zeytun budağı" əməliyyatının 15-ci günündə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) məhv etdiyi PYD terrorçularının sayı 823-ə çatıb. APA TV-nin məlumatına görə, TSQ-dan açıqlama təsdiqlənib.


Bununla yanaşı PYD/YPG və İŞİD-ə məxsus silah deposu və sığınacaqlar da daxil daha 6 hədəf dağıdılıb.

Hərbçilər son əməliyyatla Afrindəki Darmıq dağında bütün yüksəklikləri ələ keçirərək, zirvəyə Türkiyə bayrağı asıb.

Bölgənin böyük yaşayış məntəqələrindən sayılan Bülbül qəsəbəsi də PYD-dən təmizlənib. Hədəfdəki Raco bölgəsi üzərində isə hərbi aviasiya qüvvələri əməliyyatlar keçirib. Bundan başqa bu bölgədəki PYD mövqeləri daha əvvəl alınan strateji nöqtələrə yerləşdirilən top və tanklardan bombalanıb. Bombardmanlardan sonra TSQ-nın dəstək verdiyi Azad Suriya Ordusu (ASO) Raco istiqamətində hücuma keçib. PYD mövqe tutduğu Kevre Ker yüksəkliyində müqavimət göstərir. Hazırda bu yüksəklik uğrunda şiddətli döyüşlər gedir.

Afrin bölgəsində əməliyyatlar davam edərkən Tel Abyad istiqamətindən PYD terrorçuları Türkiyə ərazisini atəşə tutub. Cavab atəşi ilə 3 terrorçu öldürülüb.

Bir neçə gün öncə nəzarətə götürülən Burseya dağından isə Afrinin mərkəzinə hücum planı hazırlanır.

Afrinin mərkəzində planlaşdırılan əməliyyata 3 il əvvəl Diyarbəkirin Sur qəsəbəsini terrorçulardan təmizləyən xüsusi təyinatlılar cəlb ediləcək.

 

Əməliyyatlar başlamadan Azez bölgəsində dinc sakinlər üçün 50 minlik çadır şəhərciyi qurulacaq.

Xatırladaq ki, Afrinin mərkəzində 300 min əhali var. Qəsəbədə 10 min PYD/YPG terrorçusunun olduğu təxmin edilir. Əməliyyatdan öncə dinc sakinlərin qəsəbədən çıxması üçün koridor yaradılacaq. Bununla yanaşı terrorçuların sakinlərdən "canlı qalxan" olaraq istifadə edəcəyi də istisna edilmir.  


 

Müəllif | Apa.Tv
Apa.tv