İƏT Xarici İşlər Nazirləri Şurası Xocalı soyqırımını tanıdı
İƏT Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təqdim etdiyi qətnamə layihəsini Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası qəbul edib. APA TV-nin xəbərinə görə, Forumun nümayəndə heyətinin başçısı kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ “Xocalıya Ədalət beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırım aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır.
E.Mehdiyev əlavə edib ki, kampaniya çərçivəsində DƏ-İKGF-nin apardığı iş nəticəsində İƏT Parlamentlər İttifaqı ilk dəfə olaraq, Xocalı faciəsini insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanıyıb. İƏT XİNŞ isə faciəni soyqırımı aktı kimi ilk dəfə 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən 39-cu Sessiya zamanı tanıyıb. Görülən işlərin nəticəsi kimi İƏT-in ali orqanı olan İƏT dövlət başçıları zirvəsi bu il Qahirədə keçirilən Zirvə zamanı faciəni insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanıyıb.