ABŞ-da dəhşətli qəza: 2 qatar toqquşdu - ÖLƏNLƏR VƏ YARALILAR VAR
Yerli vaxtla saat 02:35 radələrində ABŞ-ın cənub-şərqində, Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub. APA TV-nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, Keysi şəhəri yaxınlığında baş verən qəza nəticəsində Nyu-York-Mayami marşrutu ilə hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarında olan 2 nəfər ölüb, 116 nəfər insan xəsarət alıb.
Ölənlər şirkətin əməkdaşları olub. Xəsarət alanların həyatı üçün isə təhlükənin olmadığı deyilir. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır. Toqquşma nəticəsində 20 min litrə qədər yanacaq sızıb. Bir neçə vaqon relsdən çıxıb.
Qəza zamanı Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında 139 sərnişin və 8 ekipaj üzvü olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir. Hadisəyə səbəb kimi dəmir yolu xətlərinin düzgün tənzimlənməməsi göstərilir.