Neft bazarında ABŞ-ın mövqeyi güclənir, “qara qızıl” ucuzlaşır
Yeni həftədə birjaların ilk seanslarında “Brent” markalı neft ucuzlaşıb. APA TV-nin məlumatına görə, ötən həftəni 68,60 dollarla yekunlaşdıran “Brent” nefti hazırda 67,75 dollara satılır.
Qərbi Texas nefti isə dəyərini qoruyur. Cümə günü keçirilən son ticarət sessiyasında Qərbi Texas nefti 65,36 dollara satılıb, bu gün birjaların açılışında isə qiymət 64,91 dollar təşkil edib.
Neftin ucuzlaşmasının əsas səbəbi ABŞ-da hasilatın artması ehtimalıdır. Həftə sonu ölkədə neft hasilatına cəlb edilən buruqların sayının 6 ədəd artması onsuz da yüksəlməkdə olan hasilat səviyyəsini bu həftə də artıra bilər. Təklifin artması tələbatı zəiflətdiyindən neftin həftə ərzində ucuzlaşacağını göstərir. Digər bir proqnoz iki marka arasında qiymət fərqinin 3 dollardan aşağı düşməsidir. Bu, bazarda qiymətlərin müəyyənləşməsində ABŞ-ın mövqelərinin güclənməsi ilə izah olunur.
Bu gün aparıcı informasiya agentliklərinin neft analitikləri arasında ABŞ-ın neft ehtiyatlarının həcminə dair keçirilmiş sorğunun nəticələri açıqlanacaq. Sabah isə Amerika Neft İnstitutu ehtiyatların həcminə dair proqnozlarını açıqlayacaq.