Astarada arıların sayı iki dəfə artırılacaq

Azərbaycanda arıçılığın inkişaf etdirilməsi məqsədilə hər arı pətəyinə görə dövlət tərəfindən ildə 10 manat subsidiya veriləcək.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, məqsəd bu sahəyə marağı daha da artırmaq və balı böyük ixrac məhsuluna çevirməkdir.

 

Görülən tədbirlər astaralı arıçıları da həvəsləndirib. Onlar yaxın gələcəkdə bu sahəni daha da genişləndirmək və daha çox məhsul istehsal etmək niyyətindədirlər: "Biz prezidentin sərəncamından çox sevindik. Hər arı pətəyi üçün 10 manat subsidiya veriləcək. Bu da biz arıçılara sevindirici xəbər oldu. İnşallah, biz də arıları artıracağıq. Fikrimiz var ki, arıların sayını ikiqat artıraq, 200-dən yuxarı edək. Həm bal məhsulumuzun dünya miqyasında satışını, həm də arıların sayını artıraq".

 

Astara-Lənkəran Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov deyir ki, bu sahənin Astara rayonunda inkişafı üçün hər cür imkanlar var. Buranın həm təbii şəraiti, həm iqlimi buna çox əlverişli şərait yaradır. Bu da nəticədə əldə olunan təbii balın da keyfiyyətinin yüksək olması deməkdir: "Arıçılığın inkişaf etdirilməsi üçün əlverişli yerdir bizim təbiətimiz, şəraitimiz. Ona görə də arıçılıq bizim rayonda çox yaxşı inkişaf edib".

 

Hazırda arı təsərrüfatlarında arıların qışlama dövrüdür. Fermerlər isə ilin ilk bal yarmarkasına hazırlaşır.

 

Qeyd edək ki, Astarada həvəskar arıçılarla birgə 1200-dən yuxarı arıçı var. Ötən il rayon üzrə 26 min arı ailəsindən 300 tona yaxın məhsul götürülüb.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov