Oyma ustası: "Əsas tələbat milli suvenirlərədir" - REPORTAJ

Cənub bölgəsində müxtəlif sənət növləri ilə yanaşı, ağacoyma sənəti ilə məşğul olan sənətkarların da sayı az deyil. Onlardan biri də oyma ustası Samir Həbibovdur.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran sakini Samir Həbibov uşaq vaxtlarından bu işlə məşğul olmasa da, atası Etibar Həbibovun yanında özü də bilmədən bir oymaçı kimi  yetişib.

 

O, dekorativ-tətbiqi sənətin oymaçılıq istiqamətində cəmi bir ilə yaxındır fəaliyyət göstərir. İxtisasca əczaçı olan Samir usta deyir ki, rəssamlıqla bağlı olan ağacoyma olduqca çətin bir sənətdir. Usta taxtadan hər cür məişət əşyası, milli atributlar düzəldir: "Milli suvenirlər düzəldirəm. Əsasən tələbat da əsasən milli suvenirlərədir. Azərbaycana turist axını var, yəni turistlər də burdan nəsə götürüb aparmaq istəyir. Tar, saz, Qız Qalası, Alov Qüllələri, xırda gəmilər düzəldirəm. Üçlük var, məsələn - qaval, kaman, tar".

 

Müsahibimiz deyir ki, hər insan ağac üzərində oyma sənəti ilə məşğul ola bilməz. Çünki bu sənət səbir, bacarıq, güclü yaddaş və eyni zamanda ideya tələb edir. Diqqətli olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz. Ağac var ki, tez bir zamanda istənilən şəklə salmaq olur. Lakin ağac da var ki, çox çətin “ipə-sapa yatır”: "Əsasən qoz ağacından istifadə edirəm. Qəti ağ materiallardan istifadə etmirəm. Çox vaxt isə küknardan istifadə edirəm. Onları daha tez doğramaq, yonmaq olur. Amma qozun da müəyyən yerləri var, daha tez yonulur. Tünd yerləri dəmirağacına bərabər olan bir şeydir, çox möhkəmdir".

 

Usta əl işlərini əsasən Bakıda satdığını bildirir. Qiymətlər isə ölçüsünə görə dəyişir: "Hələ ki, ən bahalı 30 manatdır. Ən aşağısı 14 manatdır. Gəmini satdığım ən yuxarı qiymət 1000 manat olub. 1500 də olub, 500 var, 300 var. 20, 30, 40, 50 - yəni ölçüsünə baxır. Neçə sm-dir, uzunluğu, eni, hündürlüyü, ona nə qədər vaxt sərf etmisən. Nə qədər çox iş görürsən, qiyməti də o qədər olacaq".

 

Süni rənglərdən istifadə etməyən usta deyir ki, təbii ağacların orijinal rəng zümzüməsi var. Onun yüksək keyfiyyətlə hazırladığı zərif əl işləri, milli musiqi alətlərimizi əks etdirən suvenirlər turistlər tərəfindən böyük rəğbətlə qarşılanır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov