Prezident beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.
APA TV-nin xəbərinə görə, qonaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən prezident İlham Əliyev əminliyini ifadə edib ki, qurultayda müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar ölkəmizin uğurlu inkişafına öz töhfəsini verəcək.
Dövlət başçısı Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan prezident bunu böyük nailiyyət kimi qiymətləndirib. Onun sözlərinə görə, təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Prezident İlham Əliyev vurğulayıb ki, bu qədər iş yerinin yaradılması dövlətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir.
Qonaqlar adından çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio dünyada gedən mürəkkəb proseslər fonunda həmkarlar təşkilatlarının iş yerləri ilə bağlı fəaliyyətinin əhəmiyyətindən danışıb və bəzi ölkələrdə həmkarlar ittifaqlarının üzvlərinin sayının azalmasının narahatlıq doğurduğunu deyib.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Rusiya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov Azərbaycanda ali dövlət orqanları ilə həmkarlar ittifaqı təşkilatları arasında mövcud olan səmərəli qarşılıqlı fəaliyyətin önəmini vurğulayaraq, bunun ölkədə ictimai-siyasi sabitliyin təmin olunması işinə böyük töhfə verdiyini qeyd edib və əldə olunan nailiyyətlərin bir çox ölkələrə nümunə olduğunu bildirib.
Xoş sözlərə və Azərbaycanda görülən işlərə verilən qiymətə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev rəhbərlik etdiyi qurumun yaranmasının 25 illiyi münasibətilə medalın təsis olunduğunu bildirib və bu qurumun İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafına verdiyi dəstəyə görə ilk medalı prezident İlham Əliyevə təqdim edib.
“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru Ergün Atalay da dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.