Dayısının evindən oğurluq edən keçmiş məhkum saxlanıldı - DOSTU İLƏ

Beyləqan rayonunda dayısının evindən oğurluq edən şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Örənqala kənd sakini Yasin Çərkəzov polisə müraciət edib və bildirib ki, ailə üzvləri olmadığı müddətdə evindən 2000 manat nağd pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.

Araşdırmalar zamanı Yasin Çərkəzovun evindən oğurluğun bacısı oğlu Yaşar Hacıyev və onun dostu Nizami Nağıyev tərəfindən törədildiyi üzə çıxıb. Əməliyyat yolu ilə hər iki şəxs saxlanılıb. Saxlanılan şəxslərdən Y.Hacıyevin əvvəllər 6 il, dostu Nizaminin isə 20 il məhkumluq yaşadığı dəqiqləşib:

"Getdik Nizami ilə götürdük. Sonra da gəldim bura etiraf elədim ki, biz götürmüşük. Ev sahibinin evi boş idi, bilirdik ki, xəstəsi var, gedib onun yanına. Ondan əvvəl də biz oğurluq etmişik. Kənddə Vəliyəddin var, həmkəndlim, onun evinə də girmişdik. Pulu da neçə manatdırsa yarı bölürdük".

Faktla bağlı araşdırma aparılır. Beyləqan polisi saxlanılan şəxslərin digər cinayət əməllərinin olub-olmadığını araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv