İrandan sürpriz açıqlama, ABŞ-da gedən proseslər - NEFT SÜRƏTLƏ UCUZLAŞMAĞA BAŞLADI
Dünya birjalarında neft sürətlə ucuzlaşır.
APA TV-nin məlumatına görə, axşam seanslarında "Brent" neftinin 1 barelinin dəyəri 0,75 dollar və ya 1,11 faiz ucuzlaşaraq 66,87 dollar təşkil edib. Hazırda isə bu marka 66,97 dollara təklif olunur.
WTI neftinin qiyməti də düşüb. Daha öncə 1 barelə görə 0,78 dollar və ya 1,22 faiz azalaraq 63,37 dollar təşkil edən Qərbi Texas markası səhər seanslarında 63,55 dollardan satılır.
"Baker Hughes"un açıqlamasına görə, qiymətlərdəki azalmaya təsir göstərən əsas amillərdən biri ABŞ-dakı buruqların sayındakı fantastik artımdır. Belə ki, hazırda istismar edilən aktiv neft qurğularının sayı 765 vahid təşkil edir.
Bundan əlavə, ABŞ fond birjasında "qara qızıl"a olan tələbatın azalması da bağlanan fyuçerslərin qiymətində təzahür edən amillərdən biri hesab olunur.
Bu arada İranın neft naziri Bijan Zənganenin OPEK və quruma üzv olmayan ölkələr arasındakı hasilatın məhdudlaşdırılması barədə razılaşmanın ləğv ediləcəyi halda sutkalıq hasilat həcminin 100 min barelə çatdırılacağı ilə bağlı açıqlaması da nefti ucuzlaşdıran amillərdən hesab olunur.
Bu arada işbazların və bəzi bazar iştirakçılarının WTI neftinin qiymətinin ucuzlaşacağı ilə bağlı proqnozları da bu markadan olan neftin qiymətinə təsirsiz ötüşməyib.
Bundan əlavə, ABŞ-ın Təcili Fyuçers Ticarəti üzrə Komissiyasının açıqlamasına görə, son həftə ərzində sözü gedən markadan olan "qara qızıl" ticarəti müqavilələrinin həcmində 6,3 faiz artım qeydə alınıb.