Bakıya ilk qar yağıb - REPORTAJ
Bakıya ilk qar yağıb. Yağmağı ilə bir sıra problemlər yaradıb. Yollar sel sularına qərq olub, səkilər qarlı palçıqla örtülərək keçilməz hala düşüb.
Qarın fəsadları daha çox paytaxtın Xətai, Yasamal, Binəqədi və Nəsimi rayonları ərazisində hiss olunub. Yollarda avtomobillərin intensiv hərəkəti bir sıra mərkəzi küçələrdə tıxacların yaranması ilə nəticələnib. Hüseyn Cavid prospekti, Bakıxanov küçəsindən Səməd Vurğun küçəsi istiqamətində, Həsən Əliyev küçəsi, Tbilisi prospekti, Cavadxan küçəsində metronun Memar Əcəmi stansiyası istiqamətinə, İnşaatçılar prospektindən “Statistika dairəsi” istiqamətinə, Əbdürrəhim Bəy Haqverdiyev küçəsindən “Olimp” mağazası istiqamətində, Badamdar qəsəbəsindən şəhər istiqamətinə avtomobillərin hərəkətində ciddi maneələr yaranıb.
Bakıya ən çox yağıntı paytaxtın şimal qapısı, yəni avtovağzal ərazisinə düşüb ki, burda yolun kənarları qalın qar qatı ilə örtülüb. Yol polislərinin dediyinə görə, gecə saatlarında yolların buz bağlaması Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtomobillərin gediş-gəlişinə ciddi təsir edə bilər. Bunun üçün də sürücülərin avtomaşınlarından maksimum az istifadə etmələri xahiş olunur.
BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA TV-yə deyib ki, axsama doğru temperatur bir qədərdə aşağı düşə bilər və şaxta səbəbindən yollar daha sürüşkən olacaq: "15-20 dəqiqə ərzində onlarla kilometri qum səpib buzdan azad etmək çətindir. Bunun üçün əvvəldən sürücülərə bildirmişdik ki, mümkün qədər fərdi nəqliyyat vasitəsindən az istifadə etsinlər".
Kamran Əliyev deyir ki, son iki gündə ölkə ərazisində də bir sıra magistral yollarda ciddi problemlər yaranıb. Bakıdan Şamaxı istiqamətdə hərəkət edən avtomobillərə yolun keçilməz olması barədə xəbərdarlıqlar edilir: "Muğanlı-İsmayıllı yolu, Quba-Qusar istiqamətində bir sıra ərazilərdə yol səthinin buzlanması müşahidə olunur və buna baxmayaraq, yollar bağlanmayıb. Hazırda həmin ərazilərdə Dövlət Yol Polisi əməkdaşları ilə Yol İstismarı İdarəsinin işçiləri yollara qum tökərək hərəkətin normallaşdırılmasına çalışırlar".
Dekabrın 11-dən 12-ə keçən gecə Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilməsində problem yaranıb. Binəqədi rayonunun əksər qəsəbələrində, o cümlədən Sulutəpə və Fatmayidə elektrik kəsilib.
Qarlı hava şəraiti İstanbuldan Bakıya gəlməsi gözlənilən aviareysin təxirə düşməsi ilə nəticələnib. Türkiyədə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, «Türk Hava Yolları» şirkətinin 332 nömrəli aviareysini yerinə yetirən «Boeing-737-400» təyyarəsi İstanbulun Atatürk Hava Limanında Bakı istiqamətində yola düşməyib. Bu səbəbdən həmin təyyarə ilə əks istiqamətdə yerinə yetirilməsi planlaşdırılan Bakı-İstanbul aviareysi də təxirə salınıb.
Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti davam edəcək. Dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 0-4 şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Paytaxtda gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında dekabrın 13-də havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq.