Azərbaycanda dəfnə ağaclarının sayı sürətlə azalır

Bir zamanlar cənub bölgəsində əhalinin əsas məşğuliyyəti və yüksək qazanc mənbələrindən biri də dəfnəçilik olub. Bu gün isə dəfnə ağacları Lənkəran və Astara rayonlarının bəzi həyətyanı sahələrində yalnız dekorativ bitki kimi yetişdirilir.

 

APA TV-nin cənub bürosu xəbər verir ki, hazırda dəfnəyə olan tələbatı nəzərə alan astaralılar bu sahənin əvvəlki şöhrətini qaytarmaq arzusundadırlar.

 

Bioloq Yunus Qulamovun sözlərinə görə, əsasən subtropik ərazilərdə yetişdirilən həmişəyaşıl dəfnə ağacı Azərbaycanda 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonları ərazisində geniş sahələrdə becərilən dəfnə ağacları gözlənildiyindən də yaxşı məhsul verib. Sonralar bu sahə genişləndirilərək 200 hektarlarla ərazini əhatə edib: "Hazırkı vəziyyət demək olar ki, yox dərəcəsindədir. Hazırda həddindən artıq azalmaqdadır. Çünki ondan gəlir əldə edə bilməyən insanlar demək olar ki, əksər təsərrüfatlarda kəsib doğrayırlar".

 

Bioloqun sözlərinə görə, dəfnə plantasiyasının 1 hektarından 3,5 ton məhsul tədarük etmək mümkündür. Becərilməsinin maya dəyəri olduqca aşağı olan dəfnə ağacı həm quraqlığa, həm də mənfi 20 dərəcə şaxtaya dözümlüdür. Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində və meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunub. Hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir: "B vitamini var tərkibində, A vitamini, C vitamini, PP vitamini var tərkibində. Makro və mikro elementlər var tərkibində. Dəfnə yarpağından şəkərin aşağı, yüksək təzyiqin aşağı salınmasında, diş iltihabının, ağız iltihabının müalicəsində istifadə olunur. Böyrək üçün onun xeyri çoxdur. Böyrək daşlarını salır, öddə daşları salır. Evdə xörəklər bişiririk, onda istifadə edirlər".

 

Mütəxəssislər bildirirlər ki, əgər yığım və ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub rayonlarında yenidən dirçəltmək mümkündür: "Əgər tədarük məntəqələri açılsa, yəni onlar camaatdan yığılsa, əlbəttə ki, insanların marağı artacaq. Yenidən başlayacaqlar artırmağa. Bunun artması bir tərəfdən yaşıllıqların artmasıdır, insanlar yenə də çəpər diblərində, boş sahələrdə bundan əkəcəklər. Bir tərəfdən də insanların qazancıdır".

 

Qeyd edək ki, hazırda dünya bazarında bu bitkiyə olan tələbatın 90-95%-ni Türkiyə ödəyir.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov