Əsəddən Türkiyə ordusuna böyük təhlükə: AFRİN YAXINLIĞINA RAKETLƏR YERLƏŞDİRİLDİ

Suriyanın şimalında "Zeytun budağı" əməliyyatının 18-ci günündə öldürülən PYD/YPG terrorçularının sayı 970-ə çatıb. APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) açıqlamanı təsdiqləyib.


Azad Suriya Ordusu (ASO) ilə birgə həyata keçirilən Son hücum nəticəsində daha bir strateji yüksəklik - Sakarya təpəsi ələ keçirilib. Bu mövqe daha öncə ələ keçirilən Burseya və Darmıq dağlarındakı zirvələr arasındadır. Əməliyyat nəticəsində 4 ASO döyüşçüsü həlak olub, bir texnika sıradan çıxıb.


Bu arada İdlib bölgəsində mövcud olan TSQ-nə havadan və qurudan zərbələr endirilib. Nəticədə 1 əsgər şəhid olub, 5 hərbçi və 1 mülki şəxs yaralanıb.


Türkiyə hərbçiləri isə Astanada Rusiya və İranla gəlinən razılığa uyğun olaraq, İdlibdə dördüncü müşahidə nöqtəsini yaradıb. Bu müşahidə nöqtəsi Hələbin Şeyx İsa bölgəsinə yaxınlığındadır.

Bu arada Əsəd qüvvələri gözlənilmədən Hələb və İdlib bölgələrinə doğru hücuma başlayıb. Suriya ordusu adı çəkilən ərazilərdə havadan müdafiə sistemləri qurmağa başlayıb. Bu addım Türkiyə tərəfindən başladılan əməliyyatlara təhdid kimi qiymətləndirilir. Çünki daha öncə Suriyanın xarici işlər naziri Faysal Miqdat Ankaranı Suriya sərhədini pozan Türkiyə qırıcılarının vurulacağı ilə hədələyib.

Müəllif | Apa.Tv
Nigar Həsənli