Cəbhə xəttində monitorinq - İNSİDENT BAŞ VERMƏDİ

Bu gün cəbhə xəttində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Tərtər Rayon İcra Hakimiyyətində olub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, icra başçısı Müstəqim Məmmədov ATƏT nümayəndəsi ilə görüşdə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər barədə məlumat verib.

 

Bildirilib ki, sonuncu dəfə 8 noyabr 2017-ci ildə monitorinq keçirildiyi gündən bu günədək Ermənistan Silahlı Qüvvələri atəşkəsi 481 dəfə pozub. Ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutub, təsərrüfatda çalışan kəndlilər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb.

 

Müstəqim Məmmədov cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatının daima təhlükə altında olduğu barədə məlumat verib: "Ermənilər əsasən suya ehtiyac olduğu vaxtda suyu kəsirlər. Biz bunları faktlarla onların diqqətinə çatdırdıq. Sərsəng su anbarı təkcə Tərtər ərazisini deyil, ətraf 6 rayonun ərazisini də su ilə təmin edir. Lakin ermənilər suya ehtiyac olduğu vaxtda bir damcı belə su buraxmırlar". 

 

Görüşdən sonra Anjey Kaspşik cəbhə xəttində monitorinq aparmaq üçün qoşunların təmas xəttinə yollanıb.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster izləyiblər.

 

Azərbaycan Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, monitorinq insidentsiz başa çatıb.

 

Müəllif | Apa.Tv