Ərdoğan bəyanat verdi, ABŞ hərbçiləri Türkiyə sərhədinə yaxınlaşdı - GƏRGİNLİK ARTIR
"Türk ordusu Menbiçə torpaqlarını sahiblərinə qaytarmaq üçün girəcək". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Dövlət başçısı "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini və məhv edilən terrorçuların sayının 1000-ə yaxınlaşdığını deyib.
Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PYD/YPG-yə silah yardımını davam etdirəcəyi təqdirdə, ölkəsinin sərt addımlar atacağını vurğulayıb. Afrində Türkiyə ordusuna məxsus tankın vurulmasına gəlincə, o, silahın mənşəyinin araşdırıldığını bildirib.
Bu arada Afrində ağır məğlubiyyətlər alan PYD/YPG terrorçularına dəstək gəldiyi iddia edilir. Sosial şəbəkələrdə çox sayda terrorçunun Qamışlı və Hasekedən Afrin istiqamətinə keçdiyini görüntüləyən fotolar yayılıb. Həmin bölgədə Türkiyə sərhədinin yaxınlığında isə ABŞ hərbçiləri var.
Terrorçuları daşıyan karvan Əsəd qüvvələrinin nəzarətində olduğu bölgədən keçmək məcburiyyətindədir və ən çox maraq doğuran məsələ rəsmi Dəməşqin buna şərait yaradıb-yaratmayacağıdır.