Sabirabadda mal-qara oğruları yaxalandı

Sabirabad polisi rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olan rayon sakinlərini yaxalayıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, keçirilən əməliyyat tədbirləri çərçivəsində rayonun Balakənd kənd sakini Zamanov Zamir oğlunun təsərrüfatından 2 baş inəyi oğurlayan Mustafabəyli kənd sakini, 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Zeynalov Asim Gülmalı oğlu saxlanılıb. Onun həyətinə baxış keçirilən zaman oğurlanmış 2 baş iribuynuzlu dana aşkar edilib və götürülərək sahibinə qaytarılıb.

 

Digər əməliyyat tədbirləri çərçivəsində Sabirabad rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsi tərəfindən Qarağac kənd sakini Ceyran Qocayevanın şəxsi təsərrüfatından 1 baş iri buynuzlu heyvan oğurlayan Azadakənd kənd sakinləri - 1992-ci il təvəllüdlü Quliyev Rüfət Rəsul oğlu, 1986-cı il təvəllüdlü Zeynalov Elçin Rzabala oğlu və 2001-ci il təvəllüdlü Sarıyev Mövlan Abhüseyn oğlu saxlanılıb. Onların yaxın qohum olduqları bildirilir.

 

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı