MSK növbədənkənar prezident seçkiləri ilə bağlı qərarını açıqladı
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib.
APA TV-nin məlumatına görə, MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı qəbul olunub.
Təqvim Planında qeyd olunur ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi qəzetlərdə dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanır. Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizəd irəli sürə bilər.
Prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək. Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il fevralın 27-dən martın 12-si saat 18.00-dək davam edəcək.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək, yəni martın 7-nə qədər davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Yəni bu proses martın 19-da başlayır, aprelin 10-u saat 8.00-da dayandırılacaq.
Səsvermə protokollarının MSK tərəfindən dairə seçki komissiyalarına, DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsverməyə ən azı 4 gün qalanadək, yəni aprelin 7-dək başa çatmalıdır.
MSK tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatacaq.
MSK Katibliyinin İnformasiya Mərkəzi səsvermə günü - aprelin 11-də seçici fəallığı ilə bağlı ilkin məlumatları gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da açıqlayacaq.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, namizədlər qeydə alınandan sonra təşviqat müddəti başlayana qədər təşviqat qadağandır: "Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".
"Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir" - deyən MSK sədri Məzahir Pənahov bildirib ki, bu reallıqdır: "Reallıq olduğuna görə buna göz yummaq olmaz. Yer kürəsi kiçikdir, insanlar bir yerdə olmağı bacarmalıdır. Birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək. Xalqın iradəsindən yüksək heç nə yoxdur".
M.Pənahov qeyd edib ki, MSK yerli və xarici KİV-in əməkdaşlarına daim açıqdır: "Seçki prosesində milyonlarla insan iştirak edir. Ona görə də xırda çatışmazlıqların olması normaldır. İdeal heç nə yoxdur".