"Radiozavod"da partlayış oldu

Bakıda Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma" zavodu ərazisində partlayış baş verib. APA TV-nin xəbərinə görə, partlayış yanğınla müşahidə olunub.

Hadisə zavod ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib. Partlayış səsi ətraf ərazilərdən də eşidilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın artıq söndürülüb. Partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisənin səbəbləri və təfərrüatları barədə məlumat verilmir.

Fövqəladə Hallar Nazirliyi də "Radioquraşdırma" zavodu ərazisində partlayışla bağlı məlumat yayıb. İlkin məlumata görə, hadisə ümumi sahəsi təqribən 250 kv/m olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Yanğın saat 20:08-də söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə dəyməyib.

Müdafiə Sənayesi Nazirliyi də hadisə ilə əlaqədar açıqlama yayıb. Bildirilib ki, “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Həmin yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmadığı da qeyd edilir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı