Hadı Rəcəbli: "Cəzaları sərtləşdirmək lazımdır"

"Bu gün əlilliyi olan şəxslərin ən ciddi problemlərindən biri onların işə düzəlməsi ilə əlaqədardır". APA TV-nin məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, əlillərin işlə təmin olunması ilə bağlı ya onlar üçün ayrıca məşğulluq kvotası bərpa edilməli, ya da əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmalıdır: "Bundan başqa, sahibkarlar I qrup əlillər üçün xüsusi iş yerləri yaratmalıdır. Eyni zamanda, əlillərin abilitasiyası (abilitasiya – əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılması) ilə bağlı məsələ dəqiqləşməlidir ki, bu proqramı kim və necə həyata keçirəcək. Mən istəyirəm ki, bu qanun deklarativ yox, işlək bir qanun olsun".

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən də narazılıq edib: "Ən təhlükəli xəstəliklərdən biri də vərəm xəstəliyidir. Son vaxtlar bu məsələ yenidən gündəmə gəlib. Amma vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir, sadəcə, prosesi müəyyən qədər ləngidir. Hesab edirəm ki, ölkəmiz həmin xəstələri sağalda biləcək dərmanları ala biləcək gücdədir".

 

Komitə sədri Hadi Rəcəbli isə deyib ki, qanunların icra etməməyə görə cəzalar nəzərdə tutulub, sadəcə, həmin cəzaları sərtləşdirmək lazımdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı