Şirvan şəhərinin su infrastrukturu yenidən qurulur
Şirvan şəhərində istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilib.
APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, 2013-cü ildə Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb.
2013-cü ilin iyulunda prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinə başlanılıb. Şirvan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına qədər “Təxirəsalınmaz Tədbirlər Planı” çərçivəsində şəhərdə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər görülüb.
2018-ci ilin yanvar ayından Şirvan şəhərində “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb. Bu layihə çərçivəsində magistral və paylayıcı su xətləri çəkilir, çoxmənzilli yaşayış binaların daxili su təchizatı sistemləri yenidən qurulur. Layihəyə uyğun olaraq 400 mm diametrli borularla 1,4 km, 280 mm diametrli borularla 4 km, 160 mm diametrli borularla 2,6 km, 110 mm diametrli borularla 14 km və 63 mm diametrli borularla 2 km olmaqla, ümumilikdə 24 km su xəttinin tikintisi nəzərdə tutulur. İndiyədək su xətlərinin 9 km-lik hissəsi inşa edilib və hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Layihə çərçivəsində çoxmərtəbəli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur. Mənzilləri içməli su ilə təmin edən dik dayaqlar binaların pilləkən qəfəslərinə çıxarılıb. Bu işlər çərçivəsində 7400 ədəd sayğacın quraşdırılması nəzərdə tutulur. Artıq 7400 mənzilə daxil olan su kəmərlərinin giriş və çıxışları və sayğac qutularının quraşdırılması başa çatıb. Layihənin başa çatması ilə şəhərin yüksək təzyiqli və dayanıqlı su təchizatı yalnız yeni polietilen su kəmərləri ilə həyata keçiriləcək. Artıq mənzillərə sakinlər tərəfindən quraşdırılan əlavə su nasoslarından və çənlərdən istifadə olunmayacaq.
Qeyd edək ki, 2013-2017-ci illər intervalında Şirvan şəhərinin mərkəzi hissəsində yeni magistral su xətlərinin çəkilməsi ilə 162 çoxmənzilli yaşayış binasının 134-nün su təchizatı fasiləsiz rejimdə təmin edilib. Eyni zamanda relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib. Şəhərin 1 may, Demanlı küçələrini və “Köhnə şəhər” adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədilə 3 km magistral su kəməri yenidən qurulub. Ötən illərdə Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində şəhərin Çılpaqlı qəsəbəsi və Yeni yaşayış massivinin su təchizatı yaxşılaşıb. Magistral kəmərdən Çılpaqlı qəsəbəsinə 6,1 km, Yeni yaşayış massivinə 2 km magistral su kəməri inşa olunub. Bu qəsəbələrdə ümumi uzunluğu 58 km olan yeni paylayıcı su şəbəkələri yaradılıb.
Hazırda davam etdirilən su infrastrukturu layihəsinin mart-aprel aylarında yekunlaşması gözlənilir.