Xaçmazda ötən il 500-ə yaxın adamı it dişləyib

Ötən il Xaçmaz rayonunda 500-ə yaxın şəxsi it dişləyib. Bu ilin bir ayı ərzində isə müraciət edənlərin sayı 30-a çatıb.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, küçə itlərinin hücumuna çox hallarda azyaşlılar məruz qalır. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının həkimi Zaur Əlibəyov deyir ki, bu kimi hallar baş verdiyi zaman mütləq həkimə müraciət etmək lazımdır: "Həkimə müraciət etmək olduqca vacibdir. Bu hal ölümlə nəticələnə bilər. Quduzluq xəstəliyinin profilaktikası mümkündür, müalicəsi isə yoxdur. Müraciət edən vətəndaşların hamısı qeydiyyata alınır".

 

Xaçmaz rayon Baytarlıq İdarəsinin rəis əvəzi Ağabəy Məmmədov deyir ki, ev heyvanlarının peyvəndlənməsi üçün dövlət tərəfindən vaksinlər ayrılır. Baytar həkimlər də bu işi həyata keçirirlər: "İt dişləməsi halları zamanı bizə müraciət olunur. Biz də aidiyyəti baytar məntəqələrinə tapşırıq veririk, həmin itlər müşahidə olunur. Əgər həmin itlər xəstə olsalar, 10 gün ərzində tələf olurlar".

 

Bu il Xaçmazda 8000 ev itinin peyvəndlənməsi nəzərdə tutulur. Küçə itlərinin hücumunun qarşısını almaq üçün isə yeni layihələr həyata keçirilir.

Müəllif | Apa.Tv
Vəli Turan