Milli Qəhrəman Mübariz İbrahimovun 30 yaşı tamam oldu

Bu gün canından çox sevdiyi vətəni uğrunda qəhrəmancasına şəhid olan igid oğlumuz Mübariz İbrahimovun doğum günüdür. Bununla əlaqədar Mübarizin yaxınları, onu sevənlər, böyükdən balacaya hər kəs, məktəblilər onun məzarını ziyarət etməyə gəliblər.

 

Yaşasaydı, bu gün 30 yaşı tamam olacaqdı. Bütün gənclər kimi, onun da arzuları vardı. Amma Mübariz işğal altında olan torpaqlarımız yolunda canından keçərək, şəhidlik zirvəsinə ucaldı. Mübarizi ziyarətə gələn vətəndaşlar hesab edir ki, Mübariz kimi oğullarımız, igidlərimiz tək doğum günündə yad edilməli deyil: "Biz vətəndaşlıq  borcumuzu yerinə yetirərək şagirdlərimizlə ziyarətə gəlmişik. Hesab edirəm hər vətəndaşın borcudur ki, Mübariz kimi qəhrəmanlarımızı şagirdlərimizə tanıdaq. Hər kəsin vətəndaşlıq borcudur ki öz qəhrəmanlarını , tarixini gələcək nəsilə tanıtsın".

 

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vuran İbrahimov həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı əsasında Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə və Bİləsuvar rayonundakı küçələrdən birinə Mübariz İbrahimovun adı verilməsini təmin edib. Mübariz İbrahimovun meyiti Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Şəhid qəhrəman İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv