Bakıda 18 mərtəbəli binada yanğın: sakinlər təxliyə edildi - ZƏHƏRLƏNƏNLƏR VAR
Bakının Xətai rayonunda yanğın baş verib. APA TV-nin verdiyi xəbərə görə, hadisə Mehdi Mehdizadə küçəsi 1208 saylı 18 mərtəbəli yaşayış binasında qeydə alınıb və binanın elektrik şaxtasını əhatə edib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, təcili tibbi yardım briqadaları cəlb olunub. Binada yaşayan 30-dək sakin xilasedicilər tərəfindən mənzillərdən təxliyyə edilib. Ərazi nəzarətə götürülüb.
Bununla belə, təxliyyə zamanı sakinlər arasında tüstüdən zəhərlənənlər də olub. Məlumata görə, dördü uşaq olmaqla, 7 nəfər əraziyə cəlb olunmuş təcili tibbi yardım xidmətinə müraciət edib. Onlardan 2 nəfər - binanın komendantı Şakir Əliyev və bina sakini Fərqanə Babayeva 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə aparılıb. Digər şəxslərə yerində tibbi yardım göstərilib.
Hazırda yanğının səbəbi araşdırılır. Sakinlər bunu binanın elektrik şaxtasında təhlükəsizlik qaydalarına riayət olunmaması ilə əlaqələndirir.
Müəyyən edilib ki, yaşayış binasının elektrik şaxtasında olan yanğın nəticəsində kabellər yanıb. Ancaq mənzillərə ziyan dəyməyib.