"Ququ" ləqəbli narkobaron tutuldu - ŞİRVANDA

Şirvan sakini narkotik vasitə sayılan heroinin alveri ilə məşğul olduğu üçün saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əməliyyat-axtarış tədbirləri Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən reallaşdırılıb.

Tədbir çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan sakini, 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu saxlanılaraq polis orqanına gətirilib. İşi araşdıran müstəntiq Tural Muxtarlının sözlərinə görə, Ə.İsayev kriminal dairələrdə “Ququ” ləqəbi ilə tanınırmış:

"Əvvəllər 3 dəfə məhkum olunan narkotacir əməliyyat məlumatı əsasında saxlanılarkən onun üzərindən 0,367 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Məhkəmənin qərarı əsasında Əli İsayevin yaşadığı Ş.Şükürov döngə 5 ev 21 ünvanında axtarış aparılan zaman oradan müxtəlif otaqlardan bükümlərə ayrılmış vəziyyətdə ümumi çəkisi 302,726 qram güclü təsiredici narkotik vasitə olan heroin götürülüb. Eyni zamanda saxlanılan şəxsin evindən narkotik vasitələrin alveri üçün nəzərdə tutulan 2 ədəd elektron zərgər tərəzisi, 5 ədəd soyuq silah kimi istifadə oluna bilən bıçaq aşkar edilərək göürülüb".

"Ququ" ləqəbli Ə.İsayev öz ifadəsində bu qədər narkotik vasitəni tapdığını iddia edib:

"Narkotik vasitəni zibillikdən tapdım. Özüm istifadəçiyəm. Tərəziləri evdə ona görə saxlayırdım ki, istifadə zamanı narkotik vasitənin çəkisini bilim, “peredoz” etməyim. “Ququ” ləqəbini bilmirəm mənə kim verib. Uşaqlıqdan mənə “Ququ” deyirlər".

Ə.İsayevin əməli Şirvan ŞPŞ-də istintaq yolu ilə araşdırılır. Faktla bağlı cinayət işi də başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv