Şəkidə baş verən ağır yol qəzasında 21 yaşlı sürücü dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə gecə saat 04:00 radələrində rayonun Köbər Zəyzid kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Sofibəyov Tamerlan Nurəddin oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü T.Sofibəyov hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılıb və müxtəlif dərəcəli xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, koma vəziyyətinə düşən gənc sürücü bir neçə saat yaşaya bilib və xəstəxanada dünyasını dəyişib.