ABŞ neft hasilatında Səudiyyəni keçdi - QALDI RUSİYA

Birjalarda növbəti ticarət seansları zamanı neft bazarı ABŞ Energetika Nazirliyinin ehtiyatlarla bağlı statistikanı açıqlaması ilə yenidən çalxalanıb.

 

APA TV-nin məlumatına görə, bundan əlavə nazirlik ABŞ-ın neft buruqlarında hasilatın tarixi rekordu yenilədiyini də bildirib.

 

Bu açıqlamanın ardından keçirilən elektron ticarət seanslarında "Brent" markalı neftin 1 bareli ucuzlaşaraq 65,31 dollara düşüb. WTI markası da dəyər itirib. Bu markadan olan neft birjalarda 61,48 dollara satılır.

 

Xatırladaq ki, ABŞ-ın Energetik İnformasiya İdarəsi ötən həftə ştatlardakı hasilatın 10,25 milyon barel olduğunu açıqlayıb ki, bu da 1970-ci ildəki neft bumunu üstələyir. Gündəlik hasilatın həcmi isə burada 337 min barel səviyyəsində möhkəmlənib.

 

Analitiklərin qənaətincə, ABŞ-ın hasilat tarixində heç zaman 1 həftədə bu qədər rekord səviyyə qeydə alınmayıb.

Yeri gəlmişkən, ötən həftə Səudiyyə Ərəbistanının neft hasilatı həcminə çatmağa müvəffəq olan ABŞ bu həftənin fantastik sıçrayışı ilə krallığı geridə qoyaraq, dünyanın ikinci nəhəng hasilatçısı mövqeyinə yüksəlib. Səudiyyə Ərəbistanı isə hələ də ən böyük ixracatçı statusunu qorumaqdadır. Rusiyaya gəlincə, bu ölkə lider-istehsalçı zirvəsini əldən vermir. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov