Əsəd PYD-ni və ABŞ hərbçilərini vurdu - MENBİÇDƏ NƏLƏR BAŞ VERİR?

"Heç bir təhlükə hiss etmirik, həyəcanlı deyilik, hərbçinin işi savaşmaqdır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Suriyanın Menbiç bölgəsinə sürpriz səfər edən ABŞ generalı Paul K. Funk deyib.

Türkiyə ordusunun Afrindən sonra Menbiçdə PYD/YPG-yə qarşı əməliyyatlara başlaya biləcəyinə münasibət bildirən general bölgədən çəkilməyəcəklərini bildirib.  

Bu arada Menbiçdə ABŞ əsgərlərinin PYD/YPG terrorçuları ilə fotoları yayılıb. Onlar Türkiyə hərbçilərinə 1,5 kilometr uzaqlıqdakı mövqelərdə terrorçularla bərabər 24 saat keşik çəkir.

Əsəd qüvvələri isə gözlənilmədən ölkənin şimalında ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) zərbələr endirib. APA TV-nin məlumatına görə, nəticədə SDQ-yə məxsus qərargahı dağıdılıb.

Bombardman zamanı qərargahda amerikalı hərbçilərin də olduğu istisna edilmir. ABŞ-ın rəhbərlik etdiyi koalisiya komandanlığı məlumatı təsdiqləyib. Hadisə Suriya ordusunun təhriki kimi qiymətləndirilib və edilən hücuma 500 canlı qüvvənin, həmçinin, tank və topların cəlb edildiyi bildirilib. Koalisiya qüvvələrinə məxsus qırıcıların cavabı ilə Suriya ordusunun 100-ə qədər hərbçisinin öldürüldüyü açıqlanıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli